Qacar İranında İctimai-Siyasi Quruluş
Və Aktiv Türk-Fars Qütbləşməsi
Ümid Niayiş-Oqtay
Abstract
Qacarlar iranda hakimiyyət sürmüş son türkmənşəli sülalədir. Bu dövrdə iranin siyasi, ictimai və etnik vəziyyətində önəmli dəyişikliklər baş verdi. Siyasi sərhədlər bugünki vəziyyətini aldı. Türkmənşəli xalqlar cəmiyyətdə qəti əksəriyyətdən nisbi əksəriyyətə çevrildilər. Modern düşüncələr və modernizm məhz bu dövrdə irana addım atdı. Ta qədim dövrlərdən başlayan günümüzə qədər davam edən türk-fars təzadı bu dövrdə xüsusilə hakimiyyət sahəsində kəskinliklə davam etdi.
THE Qacars are the last Turkic dynasty who authoritied in Iran. Important changes happened in this time in the political, social and ethnic state of Iran. Political boundaries became today’s position. People by Turkic origin changed to the simple majority from the decisive majority in the society. Modern thoughts and modernism ascendancied to Iran in this time. Turk-Fars discrepancy which had continued from ancient times till nowdays forged ahead especially in the authority area.
Qacarlar bəlkə də İran tarixində ən məzlum sülalələrdən biridir.[1] Qacarların tarixi Pəhləvilər dövründə, yəni bu sülaləni devirən qəddar düşmənlər tərəfindən tamamilə qərəzli şəkildə və birtərəfli olaraq yazılmış, cəmiyyətə aşılanmışdır. Qacar şahları əyyaş, əxlaqsız, qadına düşgün, vətən satan və bacarıqsız kimi göstərilmişdir. Bu düşüncə bu gün də İran cəmiyyətində istər fars, istər türk xalqları arasında geniş yayılmış və kimsə bu sülalənin ogünkü şərtlər altında, iki böyük güc arasında qaldıqlarına baxmayaraq, dirənərək bugünkü İran sərhədlərini qoruduqlarına inanmır və ya inanmaq istəmir.
Qacarlar dövrü İran tarixində keçid bir dövrdür. Modern düşüncələr və qurumlar məhz bu dövrdə İrana gəlmiş, İranın sosyal-siyasi qurumlarında önəmli dəyişikliklər baş vermişdir. İranın bugünkü siyasi sərhədləri bu dövrdə formalaşmış, türklərin cəmiyyət tərkibində nisbi əksəriyyətə düşməsi bu dönəmdə baş vermişdir.
Qacarlar həm də İranda hakimiyyət sürmüş son türk mənşəli sülalədirlər. Qacarların xarici qüvvələrin mudaxiləsi ilə hakimiyyətdən kənar edilməsi nəticəsində türklərin İrandakı min ildən artıq hakimiyyətinə son qoyulmuş və İrandakı güc dəngələri tamamilə dəyişmişdir. Beləliklə, daima özünü yad hiss edən, hətta bəzən İrandan ayrılıb müstəqil dövlət qurmaq arzusu ilə yaşayan farslar birdən-birə hakim xalqa çevrilir və etnik dəyərlərinin bütün İran xalqlarına tətbiq edilməsinə çalışılır.
Yeni İran cəmiyyətinin formalaşması təməlləri məhz Qacarlar dövrünə dayandığı üçün bugünkü İran cəmiyyətindəki problemləri, o cümlədən farsların aşırı dərəcədə özünü üstün hiss etmə psixologiyasını və farsizmi, köhnəpərəstlik və miflərə dayanan irqçiliyi anlamaq üçün Qacarlar dövründəki siyasi-ictimai vəziyyəti tədqiq etmək lazımdır.
Qacarlarin hakimiyyəti dövründə İranda cəmiyyət tərkibi
İranda Sasani İmperatorluğunun dağılması zamanından müxtəlif köçəri tayfaların (xüsusilə də türklərin) bölgəyə axın etməsi nəticəsində ölkədə köçəri əhalinin sayı kənd və şəhərlərdə yaşayan əhaliyə görə üstünlük təşkil edirdi.[2] Bu üstünlük araşdırdığımız dövrdə, yəni Qacarların hakimiyyəti zamanı da davam etməkdə idi.[3] Bəzi təxminlərə görə, 19-cu əsrin əvvəllərində İran əhalisinin yarısı köçəri həyat sürməkdə idilər. Ancaq bu say əsrin sonlarında azalaraq cəmiyyət tərkibinin dörddə birini təşkil etmişdir.[4]
Şəhərdə yaşayan cəmiyyət isə İran əhalisinin kiçik bir hissəsini təşkil edirdi. Keçmişdə baş verən bəzi tarixi hadisələr şəhərlərin inkişafına manelər yaratmışdır. Səfəvilər hakimiyyətinin sonlarında əfqanların ölkəyə hücumu nəticəsində şəhərlər xaraba vəziyyətə düşmüş, Təbriz, Qəzvin, Şiraz, İsfahan və Yəzd kimi böyük şəhərlər talanmışdır (Əfqanlardan başqa ruslar və Osmanlıların da hücumları şəhərlərə zərbə endirmişdi). Bu hücumlar nəticəsində Təbrizin 500000 nəfərlik nüfusu 30000-ə düşmüşdür.[5]
19-cu əsr boyunca isə şəhərlərin tədricən inkişafı və əhalisinin artmasını görürük. 1800-cü ildə İran əhalisinin 10 %-ni təşkil edən şəhər əhalisi 1914-cü ildə əhalinin 20 %-ni təşkil edirdi. Bu zaman ölkə əhalisinin 10 milyon nəfərə çatdığı təxmin edilir. Təbriz şəhərinin əhalisi 30-60 min nəfərdən 200-300 min nəfərə, Tehranın əhalisi isə 60 min nəfərdən 200-300 min nəfərə yüksəlmişdi.[6]
İl | Köçəri əhali % | Kənd əhalisi % | Şəhər əhalisi % |
1630 | 34-40 | 45-55 | 10-15 |
1800 | 40-50 | 40-50 | 10 |
1914 | 25 | 55 | 20 |
XIX əsr boyunca İranda cəmiyyət tərkibinin dəyişilməsi, şəhər əhalisinin artması və cəmiyyət tərkibinin XVII əsrlə müqayisəsi.[7]
Siyasi quruluş
İranda Səlcuqlu türklərinin hakimiyyəti dövründən bəri yaranan siyasi quruluş Qacar dövrünə qədər cüzi dəyişiklərlə davam etmişdi. Səlcuqlu hökmdarları öz hakimiyyətləri altındakı bölgələrin hər birinin rəhbərliyini oğullarının birinə verirdilər. Beləcə mərkəzi hökumətin içində kiçik yerli hökumətlər yaranırdı. Bir növ oliqarxiya hökumət sistemi olan bu quruluşu Qacarlar hakimiyyəti dövründə də görmək mümkündür.[8]
Qacar saray təşkilatında rütbələr və titulların Səfəvi sarayındakılarla eyni olduğunu söyləmək olar. Səfəvilərə isə bu quruluş monqol-türk mənşəli Elxanilərdən miras qalmışdır. Bu titullar, ümumiyyətlə, türk dilində idi: Eşik ağası, Keşikxana, Qapıçıbaşı, …[9]
Qacar sülaləsinin qurucusu Ağa Məhəmməd xan dövründə divan (dövlət təşkilatı) iyerarxiyasında aşağıdakı titulları görmək mümkündür:
Sədri-əzəm: Səfəvi dövründəki Etemadod-dövlə titulu bu zaman yerini Sədri-əzəmə vermişdi.
Mostofiolməmalek: Sədri-əzəmin nəzarəti altında işləyirdi. Bugünkü siyasi quruluşlardakı maliyyə nazirini əvəz edirdi.
Monşiyolməmalek: Katiblərin başçısı sayılırdı. Məktubları və sənədləri hazırlayıb lazımi yerlərə göndərmək səlahiyyətinə malik idi.
Sahebdivan: Sənədləri və fərmanları imza üçün hazırlamaq Sahebdivanın əsas vəzifəsi idi.
Moəyyerolməmalek: Xəzinənin baş rəisi idi. Zərrabbaşı[10] onun rəhbərliyi altında çalışırdı.
Xətibolməmalek: Yeni İl mərasimində və başqa münasibətlərlə təşkil olunmuş mərasimlərdə şah adına xütbə oxumaq vəzifəsi daşıyırdı.
Münəccimbaşı: Astroloqların başçısı idi. Təqvimi hazırlamaq və “səd” (uğurlu) və “nəhs” (uğursuz) saatları müəyyənləşdirmək vəzifəsini daşıyırdı. [11]
Bu Divan quruluşu digər Qacar şahları dövründə, xüsusilə reformların başlamasıyla tədricən dəyişdi.
Fəthəli şah dövründə, hicri 1239-cu ildə ilk olaraq Xarici İşlər Nazirliyi, daha sonra isə maliyyə, daxili işlər və s. kimi nazirliklər və Sədri-əzəm başçılığında ilk Nazirlər Kabineti yaradıldı. [12]
İranda ordu işini köçəri tayfalar öz boynuna götürmüşdü və hökumətin arxalandığı hərbi qüvvə kimi çıxış edirdilər. Səfəvilər dövründə Qızılbaşlar (türkmən), Qacarlar zamanında isə yenə türk tayfaları başda olmaqla köçərilər ölkənin hərbi qüvvəsi olduqları üçün böyük nüfuz qazanmışdılar. Qacarların hakimiyyəti illərində İran ordusunun əsas hissəsi Qaragözlü tayfasından təşkil olunmuşdu. Bu sırada avşar, şahsevən, qaşqay, xələc, bayat və s. tayfaların da adını çəkmək olar.[13] Bu da, türk sülalələrinin, o cümlədən Qacarların ənənəvi siyasəti, yəni hərbi işlərdə öz soydaşlarına arxalanma siyasəti ilə açıqlana bilər. Abbas Mirzə müstəqil və müntəzəm ordu yaratmağa təşəbbüs göstərsə də, demək olar ki, köçəri tayfalar hərbi qüvvə kimi əhəmiyyətini Məşrutə inqilabına qədər davam etdirdilər.[14] Məşrutə inqilabında köçərilər, xüsusilə də Azərbaycanın Qaradağ bölgəsinə mənsub tayfalar hakimiyyətin ən güvəndiyi qüvvə olaraq hadisələrdə əhəmiyyətli rol oynadılar.
Nəsrəddin şah dövründə yaradılan kazak briqadasının tərkibində də türklər, xüsusilə mühacirlər (Şimali Azərbaycan) üstünlük təşkil edirdilər.[15]
Qacarların ənənəsinə görə, vəliəhd Təbriz şəhərində oturur, Azərbaycanın qubernatoru vəzifəsini icra edirdi. O öz hökumət bölgəsində tamamilə müstəqil hərəkət edirdi. Buna görə də Azərbaycan və onun mərkəzi olan Təbriz siyasi cəhətdən İranın ən əhəmiyyətli bölgəsi sayılırdı. Tehran Darol-xelafə ( xilafət evi), Təbriz isə Daros-səltənə ( səltənət evi) adlanırdı.[16]
İranda hökumətlə xalq hər zaman bir-birindən ayrı idilər və onların arasında təbii əlaqə yox idi. Hökumət hər hansı bir ictimai sinifə dayanmamaqdaydi. Avropanın tam tərsinə olaraq hökumətin güclü ictimai təbəqələrə bağlılığı deyil, ictimai təbəqələrin diktator hökumətdən asılılığı mövcud idi.
Hakimiyyətdəkilər hər hansı bir millətə mənsub olsalar belə, siyasi baxımdan o millətin nümayəndəsi sayıla bilməzdilər. Və ümumilikdə öz millətlərinə bir faydaları toxunmazdı. Onların siyası məşruiyyətləri də hər hansı bir millətə dayanmamaqdaydı. Daha doğrusu, hökumətlər öz məşruiyyətlərini yerdə deyil, göydə axtarırdılar (Hökumət tanrı vergisi idi, şah isə “o”nun yer üzündəki kölgəsi).
Qacar dövləti Məşrutə inqilabının güclü dalğalarının təzyiqi altında qaldığı zaman aktiv olan türk-fars//azərbaycanlı-əraqi[17](iraqlı) qütbləşməsindən istifadə edərək türklərdən öz ictimai tabanı kimi faydalanmaq istədi. Ancaq hökumətin diktator üslubu və türklərə qarşı yeritdiyi siyasət nəticəsində istədiyini əldə edə bilmədi. Maraqlıdır ki, Məşrutə inqilabının qalib gəlməsində əsas rolu elə azərbaycanlı türklər oynadılar.
İctimai quruluş
İran və bir çox Şərq ölkələrinə xas olan xüsusiyyətlərdən biri də, burada ictimai quruluşun davamlı və sabit olmamasıdır. Bu isə güclü ictimai siniflərin və təşkilatların, o cümlədən aristokrat sinifinin olmaması, daha doğrusu yaranmaması ilə izah olunur. Bu quruluşda dəyişikliklər nə qədər əhəmiyyətli və köklü olsalar da, ümumiyyətlə, qısa ömürlü və ötəri olurdu. İctimai hüquqlar hökumətlər tərəfindən toxunulmaz sayılmadığına görə, mal-dövlət və ictimai rütbə bir gecədə əldən çıxa bilərdi. Müxtəlif dövrlərdə əşraf, əyan və hərbçi kimi təbəqələr mövcud olsalar belə, onların tərkibi Avropadakı siniflərin tərsinə bir iki nəsildən sonra dəyişər, ictimai titul və sərvət nəsil boyu davam etməzdi.
Bu cəmiyyətdə Avropnın əksinə olaraq dəyişikliklər, çevrilişlər daha çox və daha güclü baş verirdi. Bu kimi şərtlərdə yaranmaları üçün uzun zaman lazım olan, nəsildən-nəsilə toplanaraq böyüyən sərvətlər, nəsildə davam edən ictimai titullar və təbii ki, siniflər mövcud ola bilməzdi.[18]
İranda torpaq əsasən dövlət mülkiyyətində idi. Əkin sahələrinin bir çoxu dövlət tərəfindən xüsusi adamlara verilirdi. Ancaq mülk sahibinin mülkiyyətinin toxunulmazlığına zəmanət olmadığı kimi, torpağın onun varislərinə keçməsinə də zəmanət yox idi.
Avropadakı bütün üsyanlar və inqilablar bir sinifin digər sinifə qarşı baş qaldırması idi. Dövlət isə hegemon təbəqəni təmsil edirdi. Müstəqil siniflər, bu siniflərə dayanan dövlət, bütün siniflərin hörmətlə yanaşdığı qanunlar və ya ənənələr Avropa cəmiyyətinin uzunmüddətli inkişafının əsas səbəbi kimi qiymətləndirilir.[19]
İranda isə xüsusi mülkiyyətin toxunulmazlığının qorunmaması nəticəsində onun davamsız olması və diktator dövlətin gücü bütün ictimai sinifləri dövlətdən asılı vəziyyətə gətirmişdi.[20] Dövlətin məşruiyyəti hər hansı ictimai sinifə dayanmamaqdaydı. Daha doğrusu, dövlətin məşruiyyətinin kökü onun dəmir pəncəsinə (gücünə) dayanmaqdaydı. Buna görə də, dövlətin qərarlarını və səlahiyyətlərini məhdudlaşdıran hər hansı bir qanun mövcud deyildi. Bütün haqlar dövlət inhisarında olduğu üçün, bütün vəzifə də dövlətin üzərinə düşürdü. Başqa bir sözlə, xalqa heç bir haqq tanınmadığı üçün onlar da dövlət qarşısında heç bir vəzifə daşımırdılar. Dövləti özlərindən bilmədikləri üçün onun zəiflədiyi və təhlükəyə düşdüyü zamanlar dövləti müdafiə etməz, hətta ona qarşı çıxardılar.[21]
Belə bir sistemdə nə kapitalizm inkişaf edər, nə də yeni sənaye yarana bilərdi.
Beləliklə, Qacar dövrü və ondan əvvəlki dövrlərdə, İrandakı ictimai quruluşa xas xüsusiyyətləri belə yekunlaşdırmaq mümkündür:
-Diktator hökumət
– Qanunun mövcud olmaması
-Xüsusi mülkiyyətin toxunulmaz sayılmaması
-Nəsildən nəsilə keçən aristokratiya (Avropada olduğu kimi), Ağsaqqallar təşkilatı və s. kimi hakimiyyətin gücünü məhdudlaşdıran hər hansı bir faktorun mövcud olmaması
-Dövlət məşruiyyətinin xalqa dayanmaması və hökumətin səmavi olması inancı[22]
İctimai siniflər:
Qərb və keçmiş Sovet tədqiqatçılarının bir çoxu Qacar dövründə İranda feodal münasibətlərin hakim olduğunu irəli sürməkdədirlər.
1800-cü illərdə İranın ictimai quruluşu və siniflər[23]
Bu dövrdə cəmiyyətin əsas dolanışıq qaynağı əkinçilik və heyvandarlıq idi. Əsas istehsal vasitəsi olan torpağın mülkiyyəti feodallar, tuyuldarlar[24], ruhanilər, köçəri tayfa rəisləri və əlbəttə ki, ən başda isə şahın əlindəydi. Kəndlilərin çox kiçik bir hissəsinin öz torpağı var idi və onların əksəriyyəti ağır şərtlərlə feodallardan torpaq kirayəyə götürmək məcburiyyətində idilər.[25]
Milli duyğu və millət məsələsi
“Millət” terminin uzun tarixi var və bu termin müsəlman xalqların lüğətində həm dini, həm də dini birlikləri bildirən bir söz kimi istifadə olunurdu.[26] 19-cu əsrə aid yazılarda “Müsəlman milləti” ifadəsinin istifadə edildiyini tez-tez görürük. Bu zaman İranda xalqın kimliyi müxtəlif dini qruplara olan bağlılıqları ilə, daha doğrusu, dini əqidələrilə açıqlanırdı. Milliyyətçilik vətənin torpaq bütünlüyü mənasını daşımaz, vətənpərvərlik yalnız dini duyğularda özünü göstərirdi. Bu illərdə İranın yazıçıları və natiqləri İranı “Məmaleke-İslami” adlandırır, dövlət sənədlərində isə ölkənin adı “Məmaleke- Məhruseye-Qacar” olaraq göstərilirdi.[27]
Türklər arasında bu zaman türklük şüuru da mövcud idi. 19-cu əsrdə İranda hökm sürən Qacar türkləri fars dili və mədəniyyətinin təsirinə baxmayaraq, türk dili və ədəbiyyatını sevir, dəstəkləyirdilər. Əlişir Nəvainin şeirlərinə olan maraq və sevgi bu dövrdə hələ də davam etməkdə idi.[28] Türk dili Qacar sarayında ən geniş istifadə olunan dil idi.
Türklər və türkcənin mövqeyi o qədər güclü idi ki, 19-cu əsrin başlanğıcında təhsil üçün Avropaya göndərilən şagirdlərin hamısı yalnız türkcə bilən azərbaycanlılar idilər. Bu şagirdlərin farsca bilməmələri onları qəbul edən ölkələrdə böyük təəccübə səbəb olmuşdu.[29]
Əlbəttə bu dövrdə milliyyətçilik dil mərkəzli olmaqdan daha çox, soy və etnik mənşəli idi.
Qacarlar öz soy köklərinin monqollara, Çingiz xana dayandığını düşünərək bununla qürur duymaqda idilər.[30] Fəthəli Şahın oğlu, Kirman valisi Həsənalı Mirzə Şücaüs-səltənə böyük oğluna “Oqtay Qaan” adını vermişdir.[31]
İranda fars dilinə rəsmilik və ya üstün mövqe qazandırmaq məsələsi Məşrutə hərəkatı dövründə və ilk dəfə birinci Məclisdə ortaya atıldı.[32] Bu zamana qədər türk-fars məsələsi daha çox hakimiyyət çevrəsində, iqtidar, hakimiyyət uğrunda olan rəqabətlərlə məhdudlaşırdı və dil rəqabətləri o qədər də ön planda deyildi. Əslində belə bir rəqabət və qütbləşmə üçün hər hansı bir zəmin də mövcud deyildi. Başqa bir sözlə, uğrunda rəqabət gedən rəsmi dil, ümumi rəsmi təhsil sistemi kimi qurumlar hələ yaradılmamışdı. İranın modern təhsil sisteminin atası sayılan təbrizli Mirzə Həsən Rüşdiyyə ölkədəki ilk müasir məktəb sayılan, Təbrizdə açdığı məktəbdə Azərbaycan övladlarına “Vətən dili” adlı türkcə bir dərslik hazırlamış və əlifbanı bu dərsliklə öyrədirdi.[33]
Türk-Fars Qütbləşməsi
Qacar dövründə türk-fars qütbləşməsi istər xalq arasında, istər hakimiyyətdə aktiv idi. Bu qütbləşmə və rəqabət tarixi keçmişə dayanır. İran-Turan qarşıdurmalarına həsr olunan yarı tarixi, yarı mifoloji hekayələr buna zəmin yaradırdı.
Cəmiyyət daxilində türk-fars qarşıdurmasını bu iki xalqın birlikdə yaşadığı hər yerdə görmək mümkün idi. Nəcəfdə azərbaycanlılar yalnız azərbaycanlı Ayətullahlardan itaət etməyə meylli idilər. Farslar isə ümumiyyətlə, öz xalqlarına mənsub Ayətullahlara tabe idilər. Nəcəfdəki dini müəssisələri maliyyələşdirənlər də pullarını öz bölgələrinə və etnik qruplarına mənsub olan tələbələrə verirdilər.
Dini alimlərin başqa millətdən evlənməsi nadir hallarda baş verərdi. Türk tələbələrin onlara qarşı anti-türk davranışlar olması səbəbilə azərbaycanlı ali ruhanilərə şikayət etmələri, ərəb və fars tələbələrdən qorunma xahişləri tarixi qaynaqlar tərəfindən təsdiqlənməkdədir. Azərbaycanlı tələbələrin şikayətlərindən sonra Nəcəfdə onlar üçün başqa bir mədrəsə tikilmişdi.
Bu şəhərdə şiəliyin ən önəmli simvollarından olan Aşura mərasimi belə, etnik mənsubiyyətə görə ayrı-ayrı qruplarda keçirilərdi.[34]
Azərbaycan torpaqlarında türk-fars qütbləşməsi daha çox mərkəzdən qaçma meylləri ilə özünü göstərməkdə idi. Əyalətdə mərkəzi hakimiyyəti və Qacar sülaləsini təmsil edən pişkar[35] müəyyən dərəcədə, vəliəhd daxil bütün güclərin ehtimal olunan mərkəzdən qaçma meyllərini neytrallaşdırırdı. Pişkar və yerli əhalinin qarşılıqlı əlaqələri özünəməxsusluğu ilə seçilirdi. Bu əlaqələr yerli varlı təbəqələrin mərkəzə qarşı yönəlmiş səylərində təzahür edən sinifdaxili konfliktlər meydana gələrkən milli çalar kəsb edirdi. Belə hallarda varlı təbəqələr, yaxud ali ruhanilər pişkara qarşı mübarizədə geniş təbəqələrdən (ilk növbədə, Təbrizdə şəhər təbəqələri), onların vətənpərvərlik duyğularından geniş istifadə edirdilər.[36]
Türk-fars milli əlaqələrində anti-türk istiqamətinin üstünlük qazanmasının bir səbəbi də İran ordusunun daha çox türklərdən ibarət olması idi. Zorakılıq, yaxud güc aləti olan ordu istər-istəməz anti-türk havasını gücləndirirdi.
Hakim sülalənin türk mənşəli olması da hakimiyyətə qarşı çevrilmiş hər hansı hərəkatın anti-türk istiqamət qazanmasına səbəb olurdu.[37]
Hakimiyyət sahəsinə gəlincə türk-fars qütbləşməsi burada daha qabarıq şəkildə özünü göstərməkdə idi. İqtidar uğrunda bu iki millətin mənsubları arasında böyük ölçüdə qarşıdurma yaşanmaqda idi. Bu qarşıdurmanın kökü Fəthəli şah hakimiyyətinin sonlarına dayanırdı. Fəthəli şahın səltənətinin sonlarında, naibüs-səltənə Abbas Mirzənin nüfuzu vasitəsi ilə bir qrup azərbaycanlı dövlət adamları iş başına keçdilər. Abbas Mirzənin himayə etdiyi bu siyasətçilərdən başqa, bir də tehranlı dövlət adamları var idi. Bunlar azərbaycanlı dövlət adamlarının qatı düşmənləri idilər. Getdikcə bu qarşıdurma böyüdü və İran sarayının siyasətçiləri azərbaycanlılar və tehranlılardan ibarət olan iki müxalif qrupa ayrıldılar.
Azərbaycanlı dövlət adamları Abbas Mirzənin ölümündən sonra Məhəmməd şahın ətrafında toplandılar.[38] Vəliəhd Azərbaycandan Tehrana gedərkən özü ilə birgə azərbaycanlı siyasətçilərdən ibarət olan Azərbaycan dövlət təşkilatını da mərkəzə apardı. Azərbaycan dövlət təşkilatı Məhəmməd şah və Nəsrəddin şahın səltənət taxtına keçmələrində çox önəmli rol oynadı.[39]
Azərbaycanlı dövlət adamları Nəsrəddin şah hakimiyyətinin başlanğıcında öz nüfuzlarını qoruya bilsələr də, sədri-əzəm Mirzə Taği Əmirkəbirin ölümündən sonra nüfuzlarını itirdilər.
İngilislər azərbaycanlı dövlət adamlarına qarşı idilər. Onlar daima fars siyasətçilərlə yaxın əlaqədə olub, onlarla əməkdaşlığı özləri üçün daha xeyirli hesab edirdilər. İngilislər öz siyasi məqsədlərinə daha asan çatmaq üçün İranın cənubunda yaşayan fars dillilərdən ibarət müstəqil bir dövlət qurmağa çalışırdılar. Onlara görə, “təmiz iranlı qanı daşıyan farslar” səmimi-qəlbdən ingilislərin mənfəətləri uğrunda çalışmaqda idilər.
Azərbaycanlı dövlət adamları və Azərbaycan ordusu, Abbas Mirzə ilə birgə Kirman, Yəzd və Xorasan müharibələrində böyük fədakarlıqlar göstərmişlər və onların gücü, nüfuzu hər kəsə məlum olmuşdu.
Fəthəli şah həyatda ikən bütün dövlət işləri farsdilli siyasətçilərin əlində idi. Əyalət və vilayətlərin valiləri belə onlardan seçilirdi. Ancaq Fəthəli şahın ölümündən sonra bu düzən tamamilə dəyişildi. Azərbaycanlı siyasətçilər yeni şah ilə birlikdə Tehrana gəldilər və şahın ətrafında toplandılar. Bundan sonra hər yerə türk valilər və onları dəstəkləmək üçün Azərbaycan ordusunun hərbçiləri göndərilirdi. Qısa müddətdə bütün dövlət işləri azərbaycanlı dövlət adamlarının əlinə keçdi.
İngiltərəli S. H. Rawlinson “Egland and Russia in the East” əsərində belə yazır: “Biz körfəzə ordu göndərdiyimiz zaman Fars (Əyaləti-Şiraz) və İsfahanda bizim orduya qarşı ciddi müqavimət göstərilmədi. Tam tərsinə xalq bu ordu vasitəsiylə türk hökmranlardan xilas olacaqları üçün çox sevincli idilər.” [40]
Məşhur farsdilli siyasətçilər arasında Allahyar xan Asəfod-dövlə və Mirzə Ağa xan Nurinin adlarını çəkmək olar. Mirzə Tağı xan Əmirkəbirin[41] öldürülməsindən sonra fars dövlət adamları rahatlamış oldular. Artıq onların ən böyük düşməni Nəsrəddin şahın fərmanı ilə ortadan qaldırılmışdı.[42]
Ancaq türk-fars dövlət adamları arasındakı qarşıdurma bütünlüklə bitmədi və Müzəffərəddin şah dövründə yenidən alovlandı.
Təbrizdə başına tac qoymuş Müzəffərəddin şah Tehrana əvvəla, Azərbaycan tərəfindən tanınmış İran şahı kimi, ikincisi Azərbaycan (o cümlədən, Qacar) əyanlarının və Azərbaycan qoşununun müşayiəti ilə gəlmişdir.[43] Beləcə Azərbaycan dövlət təşkilatı mənsubları ilə Tehran dövlət adamları arasındakı qarşıdurma yenidən canlandı. Şah azərbaycanlılar və farslar arasında balans yaratmaq siyasəti yeritsə də, bu ağır rəqabətin qarşısı alınmadı. Sədri-əzəm Əminod-dövlə türklərin geniş imtiyaz və səlahiyyətlərini məhdudlaşdırmağa çalışdığı üçün vəzifəsindən kənarlaşdırıldı. Onun yerini alan Əminos-sultan Atabək də türk-fars rəqabətlərindən kənarda deyildi. Sədri-əzəm və türk dövlət adamları arasındakı münasibətlər daima keşməkeşli idi və nəhayət, türk dövlət adamları Eynod-dövlə[44] ilə birləşib Əminos-sultana qarşı üsyan etdilər. O, türklər qarşısında müqavimət göstərə bilmədi və vəzifəsini itirdi.[45]
Fars əyanlarının bu qarqaşalı dövrünü əks etdirən gündəliklərində türklər haqqında təhqiredici sözlər işlədilmişdir. Misal üçün, Müzəffərəddin şah ilə birgə Təbrizdən Tehrana gələn azərbaycanlı dövlət adamları üçün “ac türklər”, “xəzinəni yağmalayan türklər” və s. kimi ifadələr söylənilməsini görmək mümkündür.[46]
Modernləşmə və türk-fars qütbləşməsi:
Müasir düşüncələr İrana, ümumiyyətlə, Azərbaycan yolu ilə və Azərbaycan türkləri vasitəçiliyi ilə gəlmişdir. Azəri türkləri eyni soy və dili paylaşdıqları qonşu Osmanlılarla, xüsusilə də Şimali Azərbaycanla yaxın əlaqədə olduğu üçün Azərbaycan İranın Avropaya açılan pəncərəsi vəzifəsini boynuna götürmüş olurdu.
Yeni düşüncələrin ölkəyə girişi türk-fars qütbləşməsinə də təsir etmiş, ona yeni ölçü qazandırmışdır. Bir yandan müasir qurumların (rəsmi dil, rəsmi təhsil sistemi və s.) birtərəfli və farsların mənfəətinə uyğun olaraq qurulması, digər yandan müasir düşüncələrin axını ilə cəmiyyətin hakim dəyərlərinin dəyişməsi (dini dəyərlər yerini milli dəyərlərə verirdi) türk-fars qütbləşməsini daha da dərinləşdirdi.
Bir müddət sonra, yəni Xiyabani üsyanı zamanında da türk-fars qütbləşməsini tanımlayan əraqi (iraqlı)-azərbaycanlı ifadələri artıq öz yerini təmamilə türk-fars sözlərinə buraxdı. Qarşıdurma daha konkret və daha aydın şəkildə dil, milliyyət, soy kimi anlayışlara dayanmağa başladı. Pişəvəri hərəkatı dövründə Azərbaycan türkcəsinin bölgədə rəsmiləşdirilməsi tələbləri ən önəmli tələblərdən birinə çevrildi.
Xatırlatmalıyıq ki, İranda türk-fars qarşıdurması günümüzə qədər davam edib, bu gün də güclü və təsirli şəkildə mövcuddur.
Bu məqalə “Məhmət Eröz Armağanı” kitabında nəşr edilmişdir
Məhmət Eröz Armağanı. Mustafa Aksoy, Osman Yorulmaz, Ötükən nəşriyyatı, İstanbul, 2011. səh. 505-516
İstifadə olunmuş ədəbiyyat:
- Brenda Shaffer. Mərzha və bəradəri (çev. Y. Sədəqiyani Azər), Tehran, 1385
- Cavad Heyət. Seyri dər zəbanha və ləhcehaye torki, Tehran, 1365
- Esmail Rain. Əncomənhaye serri dər enqelabe Məşrutiyyət, Tehran, 1344
- Golamreza Vərheram. Nezame siyasi və sazmanhaye ectemaiye İran dər əsre Qacar, Tehran, 1367
- Həbibollah Əbolhəsən Şirazi, Əlireza Əmini. Təhəvvolate siyasi-ectemaiye İran əz dorane Qacariye ta Reza şah, Tehran, 1382
- Hüseyin Sədiq. Azərbaycanda dərs kitabları, Tehran,1379
- Mehdi Məlekzade. Tarixe Enghelabe Məşrutiyyəte İran, cild 1, Tehran, 1357
- Mehran Baharlı, Bərməla şodəne vaqeiyyəte əksəriyyət budəne torkha və əghəlliyət budəne farsha dər İran, http://demoqrafi.blogspot.com (Baxılıb: 5.03.2012)
- Məhmud Məhmud. Tarikhe rəvabete siyasie İran və Englis dər ghərne nuzdəhom, Cild II, Tehran, 1353
- Mohəmməd Əli Katoziyan. Təzadde dovlət və mellət (Çev. A. Təyyeb), Tehran, 1380
- Mohəmməd Əmini. “Boğrənce ghovmi və melli dər İran əz əfsane ta vagheiyyət”, http://www.rozanehmagazine.com/NoveDec05/AMAmini2.pdf (Baxılıb: 19.07.2009)
- Mohəmməd Salar Kəsrayi. Çaleşe sonnət və modernite dər İran əz Məşrute ta 1320, Tehran, 1379.
- S.M. Musəvi. Khaterate Ehteşamossəltəne, Tehran, 1367
- Ser Persi Sayks. Tarixe İran( çev: S.M. Fəxrdai)
- Seyyed Cəvad Təbatəbayi. Dibaçei bər nəzəriyyeye enhetate İran,Tehran, 1380
- Seyyed Əbdolməcid Zəvvari. “Məclese əvvəl və dovvome Məşrute”, http://bashgah.net/pages-4647.html (Baxılıb: 13.05.2009)
- Şövkət Tağıyeva. “1905–1911-ci illər inqilabı ərəfəsində İranın ictimai-iqtisadi və siyasi vəziyyəti “, Məşrutə İnqilabı–100, Bakı, 2005
- Vidadi Mustafayev. Cənubi Azərbaycan; Milli Şüur (XX əsrin I yarısı), Bakı, 1998
You must be logged in to post a comment.