Ümid Niayeş 1976-ci ildə Təbriz şəhərində anadan olub. Fars və azərbaycandilli qəzetlərdə jurnalist kimi işləyib. “Türkcə həmşəhri”, “Əxtər” və “Nedaye-Azərabadegan” qəzetlərinin azəri bölməsinin redaktoru olub. Tehran və Təbriz şəhərində universitet tələbələri tərəfindən yaradılan azərbaycanca siniflərdə müəllimlik edib. “Azərbaycan və kimlik”, “Altaylardan Səhəndimizə” və “Avrasia bütünlüyündə türk inanc sistemi” kimi kitabların müəllifidir.Onun ən yeni işi İranın azəri uşaqları üçün Azərbaycan dilində “Əlifba” proqramı tərtib etməsi olub.
– Bir neçə ay bundan qabaq Cənubi Azərbaycanın bəzi xəbər saytlarında hazırladığınız ilk əlifba proqramı haqda xəbərləri gördüm.
– Bu proqram azərbaycanlı balalarına ana dilində savadlanmanı, yazıb-oxumağı kompüter vasitəsilə təmin etmək üçün hazırlanıb.
– Videodərslikdi?
– Xeyr. Proqramdır. Windows əməliyyat sistemi ilə işləyən kompüterlərə yazılır. 33 dərsdən ibarətdir və bu dərslərdə əlifbanın hərfləri uşaqlara öyrədilir. Dərslərdə öyrənilən hərflərlə bağlı oyunlara yer verilib. Çalışmışıq ki, proqramın mühiti şən və cəlbedici olsun. Ayrıca səsli olaraq uşaq şeirləri bölümü də var.
Qısacası, öz ana dilində əlifbanı öyrədən interaktiv bir kompüter proqramıdır.
– Necə oldu ki, belə bir proqram hazırlamaq fikrinə düşdünüz?
– Bildiyiniz kimi, Cənubi Azərbaycanda bizim balalar üçün ana dilində təhsil almaq imkanı yoxdur. Fikirləşdim ki, internet və texnologiyanın verdiyi imkanlardan istifadə edərək özümüz öz uşaqlarımız üçün lazımi vəsaiti yarada bilərik. Uzun illərdir ki, ana dilində rəsmi təhsil sistemimizin yaranması uğrunda mübarizə aparılır və aparılacaq. Ancaq niyə biz öz qeyri-rəsmi təhsil sistemimizi yaratmayaq ki? Təhsilin məqsədi nədir? Övladlarımızı gələcək həyat üçün, cəmiyyətdə yaşamaq üçün hazırlamaq, milli-mənəvi dəyərləri onlara aşılamaq. İrandakı mövcud təhsil sistemi fars məfkurəli bir sistemdir. Bu sistem bizim uşaqları özünə, kimliyinə, dəyərlərinə yad olaraq yetişdirir.
Biz isə öz təhsil sistemimizi qeyri-rəsmi və məcazi olsa da yarada bilərik. İnternet və kompüter bu imkanı bizə verir. Övladlarımızı öz milli-mənəvi dəyərlərimiz əsasında yetişdirə bilərik. Yəni təhsil sisteminin yerinə yetirmək istəmədiyi vəzifəni valideynlər öz üzərlərinə götürməlidirlər. Bizim də məqsədimiz bu işdə valideynlərə kömək üçün digital-rəqəmli vəsait hazırlamaqdır.
– Bu nə dərəcədə təsirli ola bilər?
– Təbii ki, rəsmi təhsil sisteminin gücü və nüfuzu qarşısında çox zəif olacaq. Ancaq ilk addımlar atılmalıdır. Gözləməməliyik ki, nə vaxtsa haqqımızı əldə edib rəsmi səviyyədə təhsil sistemimizi yaradacağıq. Bu gün demək olar ki, əksər evlərdə kompüter və internet var. Bu, çox önəmli bir imkandır və biz bundan faydalanmalıyıq.
2008-ci ildə “Uşaqlar bağçası” adı ilə multimedia (səsli-görüntülü) slaydlar formasında bir elektron jurnal hazırladıq və CD formasında Təbrizdə, Urmuda və digər şəhərlərimizdə yaydıq. Həmin ildə CD formasında başqa proqramlar da hazırladıq. Bir müddət sonra fikirləşdim ki, ən əsas məsələ balalarımızın ana dilində yazıb-oxuması, öz dillərində savadlanmasıdır. Bildiyiniz kimi, bu, çox böyük problemdir. Əksər insanlarımız öz ana dillərində savadsızdırlar. Görürsən, universitet müəllimidir, neçə dil bilir, ancaq öz dilində iki sətir yazı yaza, fikrini ifadə edə bilmir. Əlifba proqramının planı elə o zaman fikrimdə quruldu. Uzun aradan sonra, nəhayət proqramı hazırlayıb bu ilin fevral ayında yaymağa başladıq. Bəzi kitab evləri və disk satış mərkəzləri bunu satmaq riskini boyunlarına götürmədilər. Təhlükəsizlik orqanlarının təzyiqindən çəkindilər. Əlbəttə, onları qınamıram. Bununla bərabər, bəzi kitab evləri bu proqramın diskini yaymağı qəbul etdilər. İnternet saytımıza da qoyulub. Sürətli interneti olan həmyerlilərimiz, onu internetdən endirib istifadə edə bilərlər. Azmekteb.blogspot.com saytıdır. Bu saytda qabaqkı proqramlar da var. “Uşaqlar bağçası” və s.
– Bildiyimə görə, bu proqramda latin deyil, ərəb əlifbası əsas götürülüb…
– Bu məsələ haqqında məndən soruşurlar, bəzi dostlar ərəb əlifbası ilə olduğu üçün tənqid edirlər. Mən reallığa baxıram. Güney Azərbaycanın real və mövcud şəraitini nəzərdə tuturam. Bu gün orada nəşr olunan Azərbaycan türkcəsində kitab və məcmuələrimiz ərəb qrafikasındadır. Bir də ki, mənim əsas məqsədim kütləni bu işə cəlb etməkdir. Sizə bir misal göstərim. Təbrizdə uşağı birinci sinifdə oxuyan bir uzaq qohumun evində idim. Dindar və İranın hakim ideyasına yaxın bir insandır. Milli məsələ onu düşündürmür, bəlkə hələ mənfi münasibəti də var. Orada bu proqramı kompüterə yazdım. Uşaq oturdu və işləməyə başladı. Bilmədiyi sözləri atasından soruşurdu. Onun üçün yeni bir pəncərə açılmışdı. Öz dilində yeni sözlər öyrənirdi, böyük həvəslə sözlərin ana dilindəki yazılışına baxırdı. O, proqramda işlədikcə, atasına suallar verirdi. Atası da sualları cavablandırırdı. Elə o da maraqla proqramı izləyirdi. Açıqca görürdüm ki, zövq alır. Bəlkə də heç vaxt öz dilinin qüdrəti, imkanları barədə düşünməmişdi.
Biz bu insanların mənfi münasibətini ortadan qaldırmalıyıq, onları öz həqiqi kimlikləri ilə tanış edib barışdırmalıyıq.
Unutmadan qeyd edim ki, həmin proqramın elə latin versiyası üzərində də işləyirəm. O da hazırlanacaq və balalarımıza təqdim olunacaq.
– Deməli, bu proqramın latin versiyası da hazırlanacaq…
– Bəli. Bu proqram birinci sinif və məktəbəqədər hazırlıq səviyyəsində olan uşaqlar üçün nəzərdə tutulub. Hər işin ilkində qüsurlar olur. Bizim proqram da bundan istisna deyil. Çalışacağıq ki, proqramın yeni versiyaları daha güclü, daha qüsursuz səviyyədə olsun.
Bir də dediyim kimi, bunun təməlində qeyri-rəsmi təhsil sistemi ideyası durur. Onun üçün də ikinci, üçüncü, dördüncü və s. sinifdə olan güneyli türk balalarımız üçün də vəsaitlər hazırlamağı planlaşdırıram.
– Bu işdə kimlərdən və necə bir dəstək gözləyirsiniz?
– Azərbaycandakı mədəni və milli təşkilatlar bu işə yardım edə, fikirləri, məsləhətləri ilə işin daha uğurlu olmasında köməkçi ola bilərlər. Cənubi Azərbaycanın kütləvi informasiya vasitələri bu proqramı dəstəkləməlidirlər. Milli düşüncəli həmyerlilərimiz, xüsusilə milli kimliklərinə laqeyd yanaşan tanışlarını bu proqramla tanış etməlidirlər. Bizim İranın rəsmi təhsil sistemi qədər imkanlarımız yoxdur. Onlar istədikləri kitabı və jurnalı milyonlarca tirajda bütün məktəblərə yayırlar. Biz isə ancaq tələbələrimizdən, məhdud saylı kitab evlərindən istifadə edə bilirik.
Ümid edirəm ki, bu proqram vasitəsilə ölkələrinin onlardan əsirgədiyi, ana dilində təhsili olmayan güney azərbaycanlı balaların qeyri-rəsmi təhsilində yeni üfüqlər açılacaq.